az | ru | en
Tibbi Xidmətlər
Son elanlar
Ramazan bayramı ilə əlaqədar ÖDƏNİŞSİZ müayinə
Ramazan bayramı ilə əlaqədar 22-23 iyun tarixlərində Tədris...
ƏZİZ VALİDEYNLƏR!
Azərbaycanın aparıcı uşaq həkimləri, professorlarımız -...
Assit.prof. Enes Elvin Gül 20-27 may tarixlərində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Aritmiya xəstəliyindən əziyyət çəkən xəstələri qəbul edəcəkdir.
  Qəbula yazılmaq üçün - 050 304 07 67...
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Yubileylər
SƏMİMİ İNSAN, TANINMIŞ KLİNİSİST VƏ NÜMUNƏVİ ALİM

Alim olub, elmin nuru və ziyası ilə ətrafdakıları işıqlandırmaq, həmin paydan özündən sonrakı nəsillərə töhfə vermək hər kəsə nəsib olan bir xoşbəxtlik deyil. Bu cür ali məqam demək olar ki, tək-tək insanlara nəsib olur. Tərəddüt etmədən, belə nuru və ziyası ilə ətrafına işıq saçan ziyalılarımızdan biri kimi gözəl alim, mərhum Yadiyar Yunusovun adını çəkə bilərik. Onu görənlər, bir dəfə ünsiyyətdə olanlar, inanmırıq ki, heç zaman bu gözəl alimin hikmətli sözlərini, dəyərli məsləhətlərini və nurlu çöhrəsini unutmuş olsunlar.

Azərbaycanda Nevrologiya  məktəbinin  yaradılması və inkişafında  böyük xidmətləri  olan professor Yunusov Yadiyar Maqsud oğlu 1927-ci il yanvarın 3-də Qəbələ rayonunun Böyük Pirallı kəndində anadan olub. O, orta məktəbi bitirəndən sonra 1943-cü ildə Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub. 1948-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurduqdan sonra elə həmin ildən etibarən  farmokologiya kafedrasında baş laborant vəzifəsində çalışıb. Bakı şəhər komsomol komitəsinin birinci  katibi işləyib.  

1950-1951-ci illərdə Xaldan rayon Nemətabad kənd Tibb Məntəqəsinin müdiri vəzifəsində işləyib. Onun həyatından bundan sonra yeni vəzifə pillələrinə çəkilmə dövrü başlayıb. Belə ki,  1951-1952-ci ildə Xaçmaz rayon Borispol kəndində tibb məntəqəsnin  şöbə müdiri, sonra isə rayon poliklinikasının baş həkimi vəzifəsində çalışıb. 1953-cü ildə isə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitututnda nevroloji kurs keçib. Bundan sonra 1954-cü ildə Xaçmaz Rayon Xəstəxanasının həkim-nevroloqu vəzifəsinə təyin olunub. Bir müddət sonra (1954) yenidən o, bitirdiyi tibb institutuna qayıdır  və institututda sinir xəstəlikləri kafedrasına klinik ordinatoru vəzifəsində işləməyə başlayıb.

Yadiyar müəllim hansı vəzifədə çalışır çalışsın, həmişə işinin öhdəsindən ləyaqət və bacarıqla gəlib. Onun bu qabiliyyəti həmişə kollektiv və onu tanıyanların sevimlisinə və yaxın dostuna çevirib. Səmimi və iradəli olduğu üçün hamı ondan bir nümunə götürməyə, elmi yanaşmalarını və araşdırmalarını onun kimi etməyə çalışıb. 1957-ci ildə Yadiyar müəllim kliniki ordinaturanı müvəfəqqiyyətlə bitirir və sinir xəstəlikləri kafedrasında  aspiranturaya daxil olub. Aspirant olduğu müddətdə (1957-1960) o, bel quruması (tabes dorsalis – neyrosifilis) xəstəliyin mövzusu elmi araşdırmaları aparıb. 1960-1965-ci illərdə sinir xəstəlikləri  kafedranın assistenti olan Y.Yunusov həmçinin ictimai işlərin öhdəsindən də layiqincə gəlirdi. O, həmin illərdə, yəni 1957-1961-ci illədə universitetin həmkarlar təşkilatına da rəhbərlik edib. 1961-ci ildən 1963-cü ilədək isə stomatologiya fakültəsinin dekanı vəzifəsində çalışıb. Ardıcıl araşdırmalardan sonra, nəhayət 1961-ci ildə Tiflisdə “Azərbaycanda bel qurumasına (tabes dorsalis) aid materialların kliniki xarakteristikası” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. Elə həmin il səhiyyədə göstərdiyi xidmətlərə görə “Səhiyyə əlaçısı” fəxri adına layiq görülüb. 1967-ci ildə isə  kafedranın dosent  olub.

1967-ci ildə Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda neyrocərrahiyyə xəstələrin diaqnostikası, o cümlədən 1968-ci ildə uşaq əsəb-sinir xəstəlikıəri ilə bağlı seminar və kurslarda iştirak edib. 

10 il müddətində apardığı gərgin araşdırmalar öz bəhrəsini verə bilib. Belə ki, 1970-ci ildə “Qapalı kəllə-beyin travmasında beyin sütununun  retikulyar  formasiyasının funksionalvə struktur dəyişiklikləri” mövzusunda doktorluk dissertasiyasını müdafiə edərək, tibb elmləri doktoru olub. Qeyd edək ki, o dövrdə müdafiə olduqca çətin idi. Buna baxmayaraq, Yadiyar Yunusov bütün qabiliyyət və bacarığını ortaya qoyaraq dissertasiya müdafiə edə bilmişdi.

T.e.d.Y.Yunusov 1972-ci ildə  Azərbaycan Tibb Institutun qərarı ilə  sinir xəstəlikləri kafedrasının  professor vəzifəsinə seçilmişdir.

1976-cı ildə  isə Seçenov adına Moskva Tibb İnstitutuna əsəb sistemləri ilə bağlı təcrübə kursu keçib.

1978-ci ilə isə ikinci ixtisasa yiyələnib.  O dövr üçün dəbdə olan Marksizm-Leninizm İnstitutuna daxil olub və oranı fərqlənmə ilə bitirib. Peşəkarlığına, bilik, bacarıq və savadına görə bir neçə dəfə Səhiyyə Nazirliyinin fəxri fərmanları və diplomlarına layiq görülüb.

1971-ci ildən 1976-cı ilədək isə əsəb-sinir kafedrasında tədris hissə müdiri işləyib.

1975-ci ildə Tibb İnstitutunda Xalq Nəzrəti Komissiyasının üzvü olub.

Görkəmli alim bir çox elmi məqalələrin, ixtira və səmərələşdirici təkliflərin müəllifi olub. Onun tədqiqatına əsasən nevrologiyanın bir çox aspektlərə aid olub. O, həmçinin baş-beyin damar pozulmaları, baş-beyin iltihabi xəstəliklərini-neyroinfeksiya, neyrotravma və epilepsiya xəstəliyinə aid elmi araşdırmaları aparıb. Y.Yunusov ömrünün ən məhsuldar çağında, 1983-cü ildə 56 yaşında  dünyasını dəyişib. O, bəlkə də bir müddət yaşasaydı, nəinki Azərbaycanımızın tibb sahəsi üçün, ümumiyyətlə dünya səhiyyəsi üçün gərəkli töhfələrini verə bilərdi. Amma çox təəssüflər olsun ki, vaxtsız əcəl Yadiyar müəllimə bu məqama çatmağa macal vermədi.

İnanırıq ki, onunla ünsiyyətdə olan hər kəsin qəlbini fəth etdiyi üçün bu fədəkar tibb işçisi, gözəl ailə başçısı, ən başlıcası isə böyük alim bənzərsiz insan, əzizlərinin onu sevənlərin, dostlarının, tələbələrinin qəlbində həmişə yaşayacaqdır.



Fərid Məmmədbəyov

Nevrologiya kafedrası

t.e.n., dosent

Namiq XƏLİLOV

Uşaq cərrahiyyə kafedrasının əməkdaşı

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.