az | ru | en
Tibbi Xidmətlər
Son elanlar
ƏZİZ VALİDEYNLƏR!
Azərbaycanın aparıcı uşaq həkimləri, professorlarımız -...
Assit.prof. Enes Elvin Gül 20-27 may tarixlərində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Aritmiya xəstəliyindən əziyyət çəkən xəstələri qəbul edəcəkdir.
  Qəbula yazılmaq üçün - 050 304 07 67...

04.05.2017-ci il tarixdə 11:30-da Tibbi İnformasiya Mərkəzində...
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Klinika haqqinda

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda tibbi kadrlar hazırlayan Azərbaycan Tibb Universitetinin klinik fənləri tədris edən bir çox kafedralarının hal-hazırda Bakı şəhərinin müxtəlif rayonlarının ərazisində yerləşməsi tədris prosesinin təşkilinə mənfi təsir göstərir.

Klinik fənlərin tədrisi ilə məşğul olan kafedraların vahid mərkəzdə cəmləşdirilməsi, tədrisin keyfiyyətinin və maddi-texniki təchizatının əsaslı şəkildə yaxşılaşdırılması, həmçinin elmi tədqiqat işlərinin aparılması üçün əlavə imkanlar yaradılması məqsədilə qərara alıram:

1. Bakı şəhərində Azərbaycan Tibb Universitetinə məxsus ərazidə universitetin çoxprofilli tədris-terapevtik klinikası yaradılsın.

2. Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan tikinti işlərinin başlanması üçün Azərbaycan Tibb Universitetinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 2-ci bəndi ilə ayrılmış vəsaitin maliyyələşdirilməsini təmin etsin və tikintinin başa çatdırılması üçün növbəti illərdə dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutsun.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 sentyabr 2007-ci il

 
Klinika haqqında

    Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 sentyabr 2007-ci il tarixli Sərəncamı əsasında inşa edilən, respublikada analoqu olmayan tədris, elmi-tədqiqat, müalicə və diaqnostika işlərini özündə birləşdirən, unikal bir universitet klinikasıdır.2007-ci il sentyabr ayının 18-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti,YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın iştirakı ilə klinikanın təməlqoyma mərasimi keçirilmiş,2010-cu il oktyabrın 1-də isə rəsmi açılışı olmuşdur.

    Ümumi sahəsi 25000 m2 olan, 15 mərtəbəli çoxprofilli Tədris Terapevtik Klinikanın 400 çarpayılıq 6 terapiya, 3 pediatriya, 1 nevrologiya və 1 reanimasiya və intensiv terapiya şöbəsində,eləcə də angioqrafiya,endoskopiya şöbələrində, kompyuter tomoqrafiya, rəqəmsal rentgenoqrafiya, mammoqrafiya, densitometriya, tredmil-doppler exokardioqrafiya, elektrokardioqrafiya, ultrasonoqrafiya, elektroensefaloqrafiya ,fizioterapiya bölmələrində,klinik-diaqnostik laboratoriyada,efferent terapiya mərkəzində terapevtik, pediatrik və nevroloji yönümlü bütün xəstəliklərin müasir dünya standartlarına uyğun diaqnostikası, müalicəsi, reablitasiyası aparılır. Bunun üçün klinikada Amerikanın, Yaponiyanın, Almaniyanın, Türkiyənin, Cənubi Koreyanın aparıcı şirkətlərinin istehsalı olan müasir angioqrafiya, kompyuter tomoqrafiya, rəqəmsal rentgenoqrafiya, mammoqrafiya, densitometriya, fibroqastroskopiya, fibrobronxoskopiya, kolonoskopiya, rektomonoskopiya, tredmil-doppler exokardioqrafiya, elektrokardioqrafiya, ultrasonoqrafiya, elektroensefaloqrafiya, hemosorbsiya, plazmafarez, hemodializ, qaraciyərin və böyrəklərin birbaşa punksion biopsiya aparatları, eləcə də, klinik biokimyəvi, mikrobioloji (bakterioloji, mikoloji, virusoloji, parazitoloji), immunoloji, allerqoloji, hematoloji tədqiqatları, həmçinin genetik müayinələri (polimerazalı zəncirvari reaksiya, elektroforez, sekvenləşdirmə və s.) aparmaq üçün laborator avadanlıqlar quraşdırılmışdır. Reanimasiya və İntensiv terapiya şöbəsi ən müasir avadanlıqlar, o cümlədən süni tənəffüs aparatları, defibrilyatorlarla təchiz olunmuşdur. Klinikada respublikanın bütün şəhər və rayonlarından olan xəstələrə tibbi xidmət göstərilir.

    Klinikada xəstələrin müayinə və müalicəsi ilə 20 tibb elmləri doktoru, 126 tibb üzrə fəlsəfə doktoru, o cümlədən 19 professor, 49 dosent, 9 əməkdar elm xadimi, 9 əməkdar həkim, bütövlükdə 220 yüksək ixtisaslı həkim məşğul olur.

    Onların icərisində əməkdar elm xadimləri professorlar: Rafiq Məmmədhəsənov, Şərif Mahalov, Əlihüseyn Hidayətov, Cəbrayıl Məmmədov, Amaliya Eyyubova, İbrahim İsayev, Sahib Musayev, Surxay Musayev, respublikanın Əməkdar həkimləri professorlar: Yaqub Qurbanov,Bahadır Baxşiyev, İsfəndiyar İsmayılov, Vəsadət Əzizov, Mehman Ağayev, professorlar: Zakir Əliyev, Fərhad Talıbov, Murad Baxşıyev,tibb elmləri doktoru Hüseyn Qabulov kimi dünyanın qabaqcıl klinikalarnda və elm mərkəzlərində yetişmiş alim-həkimlər yüzlərlə ağır xəstələri həyata qaytarmış ailələrə səadət bəxş etmişlər.

    Devizi "Yüksək peşəkarlıq, dəqiq müayinə və keyfiyyətli müalicə" olan Tədris Terapevtik Klinkada tibb elminin ən son nailiyyətləri və müasir tibbi texnologiyalardan istifadə olunaraq qabaqcıl, mütərəqqi müalicə üsulları tətbiq edilir. 

    Klinikanın ən vacib bölmələrindən biri REANİMASİYA VƏ İNTENSİV TERAPİYA ŞÖBƏSİdir. Şöbədə uşaqlar və böyüklər üçün ayrı-ayrı reanimasiya və intensiv terapiya otaqları fəaliyyət göstərir.Bu şöbəyə həyati vacib funksiyaları dayanmış, yaxud kəskin pozulmuş və ya pozulması gözlənilən xəstələr yerləşdirilir və onlara 24 saat ərzində xidmət göstərilir. Reanimasiya və intensiv terapiya şöbəsi yüksək texnologiya ilə təchiz olunan bir sistem əsasında qurulmuşdur. 

    Şöbədə 25 funksional çarpayi mövcuddur (Hill-Rom. A Hillenbrand industry, Çin), onlardan 7-si uşaqlar ücün nəzərdə tutulub. Hər çarpayının baş tərəfində Chirolog SV Chirana (Slovakiya) tənəffüs apparatı və hər cür monitorlaşmaya uygun BM5 "Bionet" (Cənubi Koreya) monitorlar yerləşdirilmişdir.

    Şöbədə effektiv və sürətli reanimasiya və intensiv terapiya xidmətləri göstərmək üçün defibrilyatorlar (Defi Monitor XD "Primedik", Almaniya), portativ rentgen cihazı (BLD-31C, Koreya), infuzomatlar (Medifuzion MP-1000, Daiwha Corp, Koreya), perfuzorlar (Syringe infuzion pamp MS-2200, Daiwha Corp, Koreya) və s. müasir cihazlar mövcuddur.

    Reanimasiya və intensiv terapiya şobəsində yatan xəstələr üçün 24 saat müddətində bütün laborator testlərin icrası və instrumental müayinələrin aparılması məqsədilə hər cür şərait yaradılmışdır. 

    Klinikanın FİZİOTERAPİYA KABİNETİNDƏ müasir cihazlar vasitəsilə aşağıdakı fizioiterapevtik prosedurlar aparılır: 

Ultrasəs terapiyası və fonoforez - aparat BTL firması (Almaniya) - müalicə sahəsi: dayaq-hərəkət sisteminin iltihabi və degenerativ-distrofik xəstəlikləri, sümük-əzələ sisteminin travma və zədələnmələri periferik sinirlərin iltihabi xəsətlikləri, daxili üzvlərin xəstəlikləri, LOR-üzvlərin xəstəlikləri. 

• Qalvanizasiya və dərman elektroforezi - aparat BTL firması (Almaniya) - müalicə sahəsi: mədə-bağırsağ traktının iltihabi xəsətlikləri, sümük-əzələ sisteminin xəstəlikləri, periferik sinir sisteminin xəstəlikləri, mərkəzi sinir sisteminin funksional xəstəlikləri (vegetativ və yuxu pozuntuları ilə), hipertoniya və hipotoniya xəstəlikləri, LOR-üzvlərin, dərinin, qadın cinsiyyət üzvlərinin xroniki xəstəlikləri. 

• İmpuls cərayanları (amplipuls, diadinamoterapiya, interferensterapiya, elektrostimulasiya) ilə müalicə - aparat BTL firması (Almaniya) - müalicə sahəsi: periferik sinir sisteminin kəskin və yarımkəskin xəstəlikləri (radikulit, nevropatiya, radikulonevrit, iflic, atrofiya), sümük-əzələ sisteminin kəskin travmatik zədələnmələri, arteriya və venaların xəstəlikləri, mədə-bağırsağ sisteminin xəstəlikləri, revmatoid artrit, enurez, Bexterev xəstəliyi, deformasiyaedici artroz. 

• Ultrayüksək tezlikli terapiya - aparat BTL firması (Almaniya) - müalicə sahəsi: dəri və dərialtı toxumaların kəskin iltihabi xəstəliklərinin infiltrasiya mərhələsi, daxili üzvlərin kəskin və yarımkəskin iltihabi xəstəlikləri, sümük-əzələ və periferik sinir sisteminin travma və xəstəlikləri, donvurma, fantom ağrıları, vegetativ damar disfunksiyaları, hipertoniya xəstəliyi, klimakterik və postklimakterik sindrom.

• Nebulayzer inqalyator - aparat Çexiya - müalicə sahəsi: yuxarı tənəffüs yollarının xəstəlikləri, bronxial astma, LOR-üzvlərin xəstəlikləri. 

• Lazer terapiyası - aparat BTL firması (Almaniya) - müalicə sahəsi: sümük-əzələ və periferik sinir sisteminin xəstəlik və zədələnmələri. 

• Solyuks lampası (Rusiya) - müalicə sahəsi: miozit, mialgiya, dayaq-hərəkət sisteminin xroniki xəstəlikləri, donvurma, gec sağalan xoralar.

• Massaj - dayaq-hərəkət aparatının yarımkəskin və xroniki xəstəlikləri və travmaların fəsadları, mərkəzi və periferik sinir sisteminin xəstəlikləri, neyrosirkulyator distoniya, daxili üzvlərin xəstəlikləri, çapıq xəstəliyi, piylənmə, əmək qabiliyyətinin aşağı düşməsi. 

• Naftalan yaxması və naftoparafin aplikasiyası - müalicə sahəsi: dayaq-hərəkət, periferik sinir sisteminin travma və xəstəliklərinin fəsadları, daxili üzvlərin xəstəlikləri, qadın cinsiyyət üzvlərinin xroniki iltihabi xəstəlikləri, polimielit, yanıqlar.

• Hirudoterapiya - hipertoniya xəstəliyi, müxtəlif mənşəli əzələ və sinir ağrıları, qanın laxtalanmasının sürətlənməsi, eritremiya.

    Klinikada stasionar müalicə alan xəstələrdən başqa, gündə 300-350 xəstəyə (ayda 7500-8000 xəstə) ambulator, konsultativ-diaqnostik və müalicəvi yardım göstərilməsinə şərait yaradılmışdır. Klinikanın KONSULTATIV-DIAQNOSTIK POLIKLINIKA ŞÖBƏSINİN rahat müayinə otaqlarında vətəndaşlar bütün daxili xəstəliklər, uşaq xəstəlikləri, nevrologiya, endokrinologiya, nefrologiya, kardiologiya, allerqologiya,revmatologiya və digər istiqamətlərdə hərtərəfli müayinə oluna bilirlər.

    Tədris Terapevtik Klinika fəaliyyətə başlamazdan əvvəl qarşıda duran prioritet məsələlərdən biri də ölkəmizin bu möhtəşəm universitet klinikasında MÜASİR TEXNOLOGİYA və ELMİ YANAŞMAya əsaslanan DƏQİQ DİAQNOSTİKA xidmətinin yaradılması olmuşdur. Klinikanın ən müasir cihazlarla təchiz olunmuş, tam avtomatlaşdırılmış KLINIK-DIAQNOSTIK LABORATORIYASININ yüksək peşəkarlığa malik personalı Türkiyə Cümhuriyyətinin Ondokuz Mayıs Universitetinin xəstəxanasına ezam edilmiş, planlı təcrübə kursu keçmişlər. 

    Klinik Diaqnostik Laboratoriyada bu xidmətin bütün bölmələri fəaliyyət göstərir: (Klinik Biokimya; Klinik Mikrobiologiya; İmmunologiya və Allerqologiya; Hematologiya; Molekulyar genetika; PZR). 

    Biokimya bölməsi Almaniyanın SİEMENS şirkətinə məxsus, 15 dəq. müddətində nəticə verə bilən, saatda 800 test etmə imkanına malik "Dimension max" və saatda 400 test etmə imkanına malik "Dimension Xpand" biokimyəvi analizatorları ilə təchiz edilmişdir.

    Ən müasir texnologiyaları özündə cəmləşdirən, bu cihazlar rutin biokimyəvi testlər, dərman monitorinqi, sidikdə narkotiklərin skrininqi, kardio-markerlərin dəqiq və sürətli ölçülməsi, şiş markerləri və hormonların təyininə imkan verir. 

    Bundan başqa, biokimya bölməsində ABŞ-ın Qida və Dərman agentliyi (FDA) tərəfindən keyfiyyətinə zəmanət verilmişTRİAGE CARDİAC PANEL sistemində kardioloji markerlər ən qısa müddətdə təyin olunur ki, bu da təcili yardım və reanimasion hallarda əsaslı, təxirəsalınmaz tibbi müdaxilənin təşkilinə imkan verir. TRİAGE TOX DRUGS DS PANEL-ində isə asetaminofen, ekstazi, barbiturat, benzodiazepin, kokain, heroin, fenisiklidin, trisiklik antidepressantlar, marixuana, metadon kimi dərman maddələri və narkotiklərin səviyyələri qısa müddətə təyin edilir. 

    Klinik mikrobiologiya bölməsində mikrobiologiya sahəsində dünyanın ən güclü sistemlərinə malik BİOMERİEUX (Fransa) şirkətinin VİTEK 2 və BACT-ALERT cihazları mövcuddur. Dünyanın ən unikal cihazlarından sayılan VİTEK 2 avtomatlaşdırılmış sistemində bakterial və funqal mənşəli patogenlərin ən dəqiq identifikasiyası və antibiotiklərə həssaslığı minimal inhibisiya konsentrasiyası səviyyəsində təyin edilir. BACT-ALERT cihazında isə ən qısa müddətdə qan, likvor və s. kimi steril orqanizm mayelərindən bakterial və funqal patogenlər izolə edilir. Sistemin içərisindəki adsorbentlər hətta antibiotikoterapiya periodunda belə, törədicilərin izolə edilməsinə imkan verir. Bu sitemdə eyni zamanda vərəm mikobakteriyalarını ən qısa müddətə izolə etmək mümkündür. 

    Böyük qürur hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanda ilk dəfə olaraq Tədris Terapevtik klinikanın bakterioloji laboratoriyası avadanlıq və mütəxəssisləri ilə müasir dünya standartlarına uyğun fəaliyyət göstərir və bu işdə ölkənin digər klinikaları üçün mütəxəssislərin hazırlanması ilə məşğul olur. 

    Bundan başqa, ən həssas testlərdən olan QuickVue Chlamydia test və Mycoplasma IST test (BioMer, Fransa)sistemləri də geniş yayılmış urogenital infeksiyaların bizim laboratoriyada dəqiq diaqnozuna imkan verir. Uşaqlarda ishalın əsas törədiciləri arasında 60% hallarda yer alan viruslar laboratoriyamızda VİKİA ROTA-ADENO (BioMer, Fransa) sistemində təyin edilir. StrepA testi isə A qrupundan olan beta-hemolitik streptokokların (tonzillit, revmatik qızdırma, qızıl yel, skarlatina kimi xəstəliklərin törədiciləri olan S.pyogenes) əsnəkdən alınmış patoloji materialda sürətli təyininə imkan verir ki, bu da mülaciə həkiminə vaxt qazandırır. 

    HUBT 20А- ureaza tənəffüs testi cihazında isə Azərbaycanda ilk dəfə olaraq, mədə və onikibarmaq bağırsaq xorası, qastroduodenit, mədə xərçəngi kimi xəstəliklərin törədicisi olan H.pylori təyin edilir. Bu, H.pylori təyinində xəstəyə minimal narahatlıq verən, ən dəqiq və həssas test hesab edilir. 

    Klinik Mikrobiologiya bölməsində həmçinin ABŞ istehsalı olan COPRO SYSTEM plus; URIN SYSTEM plus; A.F. GENITAL SYSTEM; TRİAGE PARASİTE PANEL (E.histolytica, G.lamblia, C.parvum) sistemləri ilə müxtəlif etiologiyalı infeksion proseslərin diaqnozu yüksək dəqiqliklə təyin edilir. 

    İmmunologiya və Allerqologiya bölməsində mövcud olan Almaniyanın SİEMENS şirkətinə məxsus, 15 dəq. müddətində nəticə verə bilən, saatda 180, eyni zamanda isə 480 test etmə imkanına malik "Advia Centaur CP" cihazı dünyanın ən həssas immunoloji analizatorlarındandır. Bundan başqa, laboratoriyada bir sıra müayinələr tam avtomat Mini Vidas (BioMer, Fransa) cihazında icra olunur. Bu cihaz yüksək dəqiqiliyə malik nəticələr verdiyi üçün dünyanın referens laboratoriyalarında mövcuddur və ölkəmizdə yalnız Terapevtik Klinikada çoxprofilli məqsədlər üçün istifadə edilir. Qeyd edilən cihazlarda hormonlar, onkomarkerlər, autoimmun markerlər, infeksiya markerləri, kardio-markerlər təyin edilir. 

    Laboratoriyada mövcud olan Almaniyanın "Karl Zeiss" flüoressent mikrоskopu immunoflüoressent metodların tətbiqində istifadə olunan ən müasir mikroskoplardandır. İmmunoflüoressensiya üsulları ilə autoimmun markerlər, xlamidiyalar, mikoplazmalar, ureaplazmalar tədqiq olunur. Bu məqsədlə Azərbaycanda ilk dəfə olaraq dünyanın ən etibarlı istehsalçısı sayılan Almaniyanın EUROİMMUN şirkətinin məhsulu olan reaktivlərdən istifadə edilir. 

    Allerqologiya bölməsində Euroimmun (Almaniya) şirkətinin microelisa və immunobloting məhsulları ilə aşağıdakı allergiya profilləri araşdırılır: 
• Qida allergiya profili (36 qida məhsuluna qarşı spesifik İgE);
• Tənəffüs allergiya profili (28 tənəffüs allergeninə qarşı spesifik İgE);
• Pediatrik allergiya profili (südəmər uşaqlar üçün allergik komponentlərə qarşı spesifik İgE). 
• autoimmun hepatitlərin aşkar olunması üçün ölkəmizdə ilk dəfə olaraq "autoimmun qaraciyər profili" araşdırılır.

    Hematologiya bölməsində koaqulometrik analizlər Türkiyənin Tokra şirkıtinə məxsus cihazda, tam qan sayımı isə Polşa istehsalı olan avtomatik, ən qısa müddətə nəticə verə bilən, 22 parametrli Mythic 22 cihazında icra edilir. Mikroskopik hematoloji analizlər (qanın və sümük iliyinin mikroskopiyası) təcrübəli mütəxəssislər tərəfindən Yaponiyanın OLYMPUSmikroskopunda aparılır. 

    Molekulyar Genetika Bölməsində dünyanın ən etibarlı sistemlərindən olan "BIO RAD" REAL TİME PZR cihazındaspesifik DNT seqmentinin in vitro şəraitdə fermentativ yolla çoxaldılması ilə bir sıra xəstəliklərin diaqnozu müəyyənləşdirilir. Burada həmçinin elektroforez və sekvenləşdirmə prinsiplərinə əsaslanan müasir metodlarla bir sıra genetik xəstəliklər ayırd edilir. 

Klinikanın ŞÜA DIAQNOSTIKASI ŞÖBƏSINDƏ müasir dünyanın ən son tibb texnologiyasının nailiyyətlərini özündə əks etdirən 2 ədəd distansion, tam rəqəmsal rentgendiaqnostik sistemlə təchiz edilmiş rentgen kabinetləri (Yaponiyanın Toshiba firmasının Winscope və Yaponiyanın Shimadzu firmasının Flexavision aparatları), bir mammoqrafiya kabineti (Koreyanın Genoray firmasının MX-600 aparatı) və Kompüter Tomoqrafiyası (Yaponiyanın Toshiba firmasının Aquilion 16 aparatı) kabineti fəaliyyət göstərir. 

    Rentgen aparatlarının qəbuledicilərinin yüksək həssaslığı, görüntülərin yüksək keyfiyyəti, alınmış təsvirlərin ölçülərinin, kontrastlığının dəyişdirilməsi, rentgen aparatlarının masa hissəsinin müxtəlif istiqamətlərdə hərəkəti xəstələrin müxtəlif vəziyyətlərdə-vertikal, horizontal, çəp, Trendlenburq vəziyyəti və s. müayinə imkanı görüntülərin interpretasiyasını asanlaşdırmaqla ən mürəkkəb xəstəliklərin vaxtında və dəqiq diaqnozunun qoyulmasına və şüalanma dozasının avtomatik tənzimlənmə sistemi isə pasiyentin aldığı radiasiya dozasının minimuma endirilməsinə şərait yaradır. 

    Eyni bir film üzərinə müxtəlif nahiyələrin ayrı-ayrı vəziyyətlərdə rentgen şəkillərinin köçürülməsinin mümkün olması müalicə həkimlərində xəstəlik haqqında mükəmməl informasiya və dolğun fikir formalaşmasına əhəmiyyətli dərəcədə yardım edir, rentgenoloji təsvirlərin kompüterin yaddaşında saxlanılması, yəni arxivləşdirmə sistemi müalicədən sonra aparılmış müayinələrin nəticələrini əvvəlki görüntülərlə müqayisə etmək imkanı verir ki, bu da aparılmış müalicənin effektivliyinin düzgün qiymətləndirilməsinə zəmin yaradır. 

    Şöbədə çalışan həkimlər respublikamızın tanınmış, adlı-sanlı mütəxəssisləri olmaqla yanaşı həm də pedoqoji fəaliyyətlə məşğuldurlar, belə ki, ATU-nun müalicə-profilaktika, pediatriya, stomatologiya, tibbi profilaktika və tibbi biologiya fakultələrinin tələbələri şöbəmizdə praktiki məşğələlər keçməklə həm müasir avadanlıqlarla tanış olur, xəstələrin müayinəsində iştirak edir, həm də müxtəlif xəstəliklərin radioloji görüntüləri və əlamətlərini öyrənirlər. 

    Klinikanın ANGIOQRAFIYA VƏ ANGIOPLASTIKA şöbəsi müasir invaziv müayinə və müalicə tələblərinə cavab verən Toshiba İnfinix angioqrafiya cihazı ilə təchiz edilmişdir. Angioqrafiya şöbəsində günümüzdə dünyanın aparıcı kardiologiya cəmiyyətləri və o cümlədən Azərbaycan Kardiologiya Cəmiyyətinin müəyyən etdiyi ürək xəstəliklərinin müayinə və müalicə rəhbərliklərinə uyğun müalicə tədbirləri aparılır. 

    Şöbədə xaricdə Kardiologiya ixtisası üzrə təhsil almış təcrübəli invaziv kardioloqlar tərəfindən diaqnostik məqsədlərlə və kəskin koronar sindromlar zamanı ürəyin koronar angioqrafiyası, ürək boşluqlarının kateterizasiyası, perkutan transluminal koronar angioplastika, ürək qapaqlarının perkutan balon valvuloplastikası, aritmiya müalicəsində müvəqqəti və daimi pacemaker implantasiyası, implantable kardioverter defibrilator (İCD) yerləşdirilməsi, ürək çatışmazlığı müalicəsində kardiak resinxronizasiya (CRT) terapiyası, periferik damar angioqrafiyası, angioplastikası və digər müayinə və müalicə tədbirləri aparılmaqdadır. 

     Müasir tələblərə uyğun olaraq angioqrafiya şöbəsi 24 saatlıq iş rejimində xidmət göstərir. Kliniki müayinə və müalicə tədbirləri ilə bərabər tədris prosesində də fəaliyyət göstərən angioqrafiya şöbəsinin əməkdaşları tam ixtisaslı həkimlərin formalaşması üçün seminarların, mühazirələrin aparılmasında, rezidentlərin ixtisas artırılmasında, tədris metodik tövsiyələrin tərtibatında, o cümlədən Azərbaycan Kardiologiya Cəmiyyətinin tədbir və proqramlarında aktiv iştirak edir.

    Klinikanın FUNKSİONAL KARDİOLOGİYA ŞÖBƏSİNDƏ müasir Exokardiodoppleroqrafiya, EKQ-nin Holter metodu ilə sutkalıq monitorlaşması, Stress test (Tredmil), EKQ cihazları quraşdırılmışdır.

    Exokardiodoppleroqrafiya (Cənubi Koreyanın istehsalı olan Medison Sonoace X6 cihazı ilə Rejim: M-mode, B-mode, Rəngli doppler,CW, PW, TDI,) müayinə metodu ilə uşaqlarda, yeniyetmələrdə və böyüklərdə ürək kameralarının, qapaqlarının vəziyyəti, funksiyası, miokardın işi real zamanda qiymətləndirilir.ÜİX-li xəstələrdə işemiya olan nahiyədə seqmentar yığılma qüsuru, ürəyin xarici qişasının-perikardın xəstəlikləri, onun qalınlaşması, perikardda maye toplanması aşkar olunur.

    EKQ-nin Holter metodu ilə sutkalıq monitorlaşması (İtalyanın istehsalı olan CARDİOLİNE cihazı ilə) müayinə metodu ilə uşaqlarda, yeniyetmələrdə və böyüklərdə gün ərzində ürəyin ritm və keçiriciliyi, ağrılı və ağrısız işemiyanın aşkarlanması, bayılma və bayılma önü vəziyyətın dəqiqləşməsi öyrənilir. UİX-in differensiasiyası üçün aritmiyalar, ritm pozğunluğunun növü və paroksizmal ritm pozğunluğu müəyyən edilir.

    Fiziki yük sınağı- Stress test (Tredmil) (İtalya istehsalı olan CARDİOLİNE cihazı ilə) müayinə metodu uşaqlarda, yeniyetmələrdə və böyüklərdə ÜİX-in aşkara çıxarılması üçün istifadə olnur. Bununla yanaşı, bu metodla arterial hipertenziyanın latent formalarının diaqnostikası, arterial təyiqin fiziki yükə reaksiyası, adaptasion-metobolik genezli gizli ürək ritminin pozulması, həmçinin, aşağı ətraflarda arterial qan-dövranı pozğunluqları aşkar olunur. 

    EKQ (İtalyanın istehsalı olan CARDİOLİNE cihazı ilə, 6 və 12 kanallı) müayinə metodu ilə uşaqlarda, yeniyetmələrdə və böyüklərdə ürəyin işemik xəstəlikləri, ritm və keçiricilik pozğunluğu aşkar olunur. Terapevt-kardioloqun tövsiyəsinə əsasən ürəkdə funksional və üzvi dəyişikliyi differensiasiya etmək üçün dərman sınağı (nitroqliserinlə, obzidanla, kaliumla), həmçinin, hiperventilyasiya və ortostatik sınaq aparilir. 

    Klinikanın ELEKTROENSEFALOQRAFİYA (EEQ) və ELEKTROMİOQRAFİYA (EMQ) KABİNETİNDƏ quraşdırılmış 
kompyuterləşmiş, 41-kanallı çoxfunksiyalı "Neyron-Spektr 5" neyrofizioloji kompleks, kompyuterləşmiş, 4 kanallı, çoxfunksiyalı "Neyro-MPV 4" elektromioneyroqrafik neyrofizioloji kompleks (EMQ, ENMQ) cihazları vasitəsi ilə: 

• epileptik və yaxud qeyri epileptik tutmalar zamanı baş beyinin elektrik fəaliyyətinin pozulmalarının qeyd alınması üçün elektroensefaloqrafiya müayinəsi (EEQ); 

• epileptik və yaxud qeyri epileptik tutmalar zamanı baş beyinin elektrik fəaliyyətinin pozulmalarının qeydə alınması üçün yuxu vaxtında aparılan uzun müddətli video-EEQ monitorinq müayinəsi (video - EEQ monitorinq);

• uzun-, orta- və qısa latensiyalı oyanmış potensialları qeyd etmə müayinəsi;

• əzələlərin, periferik sinirlərin, əzələ-sinir sinapslarının sakitlik, hərəkət zamanı və ya cüzi elektrik cərəyanı ilə stimulyasiya zamanı meydana çıxan bioelektrik aktivliyini qeydə almaq və onu qiymətləndirmək üçün müayinə;

• somatosensor, oyanmış görmə və eşitmə potensiallarını qeyd etmə müayinəsi həyata keçirilir.

    Klinikanın ULTARASONOQRAFİYA kabinetlərində müayinələr Cənubi Koreyanın istehsalı olan, özündə müasir ultrasəs texnikasının ən son nailiyyətlərini cəmləşdirən Medison Şirkətinin "Sonoace 8000-live" cihazları vasitəsilə həyata keçirilir. Bu aparatların köməyi ilə qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzin müayinələri, uşaqlarda bud-çanaq oynaqlarının müayinəsi və geniş neyrosonoqrafik müayinələr aparılır. Aydın və həcmli görüntüyə malik rəngli dopplerlə təchiz olunmuş avadanlıqlar doppler əyriliyinin avtomatlaşdırılmış təhlilini aparmaq imkanı yaradır. Bu isə diaqnozu dəqiq müəyyən etməyə imkan verir. Rəngli doppleroqrafiya vasitəsi ilə arteriya və venalarda daralmanı, varikoz genəlməni, anevrizmləri, trombları, damar çatışmazlığını və bunun ağırlıq dərəcəsini dəqiq təyin etmək olur. 

    Eyni zamanda Live 3D/4D real zaman daxilində 3 ölçülü təsvirin alınmasına imkan yaradır. Bu isə diaqnozun dəqiq müəyyən edilməsinə və düzgün müalicə aparılmasına kömək edir.

    3D image optimizing rejimi vasitəsi ilə akustik yumşaq və sərt strukturları ayırmaq mümkün olur. Vocal (Virtual Organ Computer Aided anaLysis) proqramın köməyi ilə mürəkkəb strukturların (kista, prostat vəzi və s.) maksimum dəqiqliklə həcmini müəyyən etmək olur.

    Tissue Harmonic Imaging - toxuma harmoniyası proqramı ilə, piy toxuması həddən artıq inkişaf etmiş şəxslərdə, dalğların dəri, dərialtı toxuma, qabırğalardan seçiçi olaraq keçməsini təmin olunaraq patoloji dəyişikliklər aşkar olunur.

    EFFERENT TERAPİYA MƏRKƏZİ (latınca efferens - çıxartmaq) - ekzogen və endogen toksiki maddələrin, orqanizm üçün ziyanlı metobolitlərin, immun komplekslərin, aqressiv fermentlərin və s. tibbi-texniki sistemlərin köməyi ilə orqanizmdən çıxarılması ilə məşğuldur.

    Efferent terapiya mərkəzi hemodializ aparmaq üçün Almaniyanın Frezenius şırkətinin 6 yerlik Fresenius 4008 S "süni böyrək" cihazları ilə, membran Plazmaferezi aparmaq üçün İsveçin Gambro şirkətinin AK-10 cihazı və sentrifuqa Plazmaferezi aparmaq üçün Almaniyanın Hettich şirkətinin Rotiksa 50-RS, qanın ultrabənövşəyi şualandırılması və ozonterapiyası üçün Rusiyanın Biotex şirkətinin Nadejda - O cihazları ilə təchiz olunmuşdur.

    Normal halda toksiki substansiyaların bədəndən təmizlənməsi əsasən üç yol ilə - qaraciyər, ifrazat və immun sistemləri vasitəsi ilə həyata keçirilir. Bu zaman toksiki substansiyalar qandan, plazmadan, limfadan və s. çıxarılır. Amma xəstəlik zamanı orqanizmin bu qabiliyyətlərinin itirilməsi tam və ya qismən efferent metodların köməyi ilə əvəz olunur.

Bu üsullar sırasında:

• Hemodializ qanın təmizlənməsi (dialysis - hissəciklərin yarımkecirici membrandan keçmə qabiliyyətinin müxtəlifliyinə əsasən diffuziya yolu ilə məhluldan çıxarılması);

• Plazmaferez plazmanın çıxarılması (pheresis - tamın bir hissəsinin çıxarılması);

• Hemosorbsiya - qandakı toksiki maddələrin adsorbsiyası (adsorb - sormaq) və s. istifadə olunur. Bu üsulların sayı indi qırxı keçmişdir.

    Mərkəz klinikanın 3-cü mərtəbəsində yerləşir və yüksək ixtisaslı mütəxəssislərlə komplektləşmişdir.

    Şöbədə planlı və təxirəsalınmaz nefroloji tibbi yardıma ehtiyacı olan böyrəyin xronik xəstəlikləri, kəskin böyrək zədələnmələri və xronik böyrək çatışmazlığının kəskinləşməsi olan xəstələrə hemodializ, hemofiltrasiya, ultrafiltrasiya aparılır. Mərkəzdə birincili böyrək patologiyası (qlomerulonefritlər, pielonefrit, böyrəklərin polikstozu və s.) ilə yanaşı ikincili nefropatiyalar (böyrəklərin şəkərli diabet, arterial hipertenziya, hamiləlik nefropatiyaları, sistem xəstəlikləri, amiloidoz, urat nefropatiyaları və s.) zamani xəstələrə dəqiq diaqnoz qoyulur və tibbin müasir nailiyyətləri səviyyəsində müalicə aparılır.

    Bununla yanaşı, mərkəzdə efferent terapiya müalicəsinə ehtiyacı olan nəinki böyrək zədələnməsi olan xəstələrə, həmçinin digər orqan və sistemlərin xəstəlikləri olan insanlara (allergik xəstəliklər, ateroskleroz, qeyri spesifik xoralı kolit, Kron xəstəliyi, autoimmun aktiv hepatitlər, klimakterik sindrom, ekstrakorporal mayalanmaya hazırlıq, antifosfolipid sindromu, şəkərli diabet, qırmızı qurdeşənəyi, atopik dermatit, dağılmış skleroz, hemorragik vaskulitlər, kəskin və xroniki sepsis, trombo-hemorragik sindrom və s.) plazmaferez, krioferez, hemosorbsiya, qanın lazer, ultabənövşəyi şüalarla şüalandırılması, ozonlaşdırılması və s. tətbiq edilir.

    Mərkəzdə həmçinin ultrasəs nəzarəti altında punksiyon böyrək biopsiyası, müasir diaqnostika və müalicə üsullarından istifadə olunmaqla böyrək, digər orqan və sistemlərin xəstəliklərinin dəqiq diaqnostikası aparılır və effektiv müalicə vasitələri tətbiq edilir.

    Klinikada müalicə işi ilə yanaşı tədris prosesi də təşkil olunmuş, 16 klinik kafedra yerləşdirilmişdir.Eyni vaxtda 640 tələbəni qəbul edə biləcək multimedia sistemi ilə təchiz olunmuş 8 mühazirə zalında (gün ərzində 640 х 3=1920 tələbə), bir gündə 1000-ə qədər tələbəni qəbul edə bilən, kompüterləşdirilmiş 70-ə qədər dərs otağında universitetin III-VI kurs tələbələrinə terapiya, pediatriya, nevrologiya, ailə təbabəti, klinik farmakologiya, fizioterapiya, şüa diaqnostikası,anesteziologiya və reanimasiya fənləri tədris olunur.Beləliklə, bir gün ərzində klinikada 3000-3500 tələbə dərs keçir. Bundan əlavə, klinikada rezidentura və doktorantura xətti ilə yüksək ixtisaslı kadrların hazırlanması həyata keçirilir.

    Müasir maddi-texniki bazaya malik Kinika tamamilə kompyuterləşdirilmişdir. 204 kompyuteri, HİS,LİS və PAKS sistemlərini özündə birləşdirən kompyuter şəbəkəsi bütün tibbi sənədləşmə prosesini sürətlə icra etmək, arxivləşdirmək, statistik işləmək, görüntüləmə və laborator müayinələrin nəticələrini müalicə həkimlərinə, eləcə də dünyanın hər hansı ölkəsindəki mütəxəssisə ötürmək imkanına malikdir. 

    Burada xarici ölkələrin qabaqcıl klinikaları və dünyanın görkəmli tibb mütəxəssisləri ilə video bağlantı qurub müzakirələr aparmaq, məsləhətlər almaq mümkündür. Bütün tədris otaqları, iş kabinetləri, palatalar sürətli internet xəttinə qoşulmuşdur. Tədris prosesinin əyaniliyni artırmaq məqsədilə 18 mürəkkəb xəstəliyi və onların çoxsaylı fəsadlaşmalarını modelləşdirmək imkanına malik, Amerikadan gətirilmiş robot simulyatorlar quraşdırılaraq Tibbi treninq mərkəzi yaradılmışdır.

Havalandırma, isitmə, soyutma sistemləri tam avtomatlaşdırılmışdır. Təhlükəsizliyə nəzarət etmək üçün müşahidə kameraları quraşdırılmışdır.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.