az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
06.02.2017
Ev şəraitində çox sadə testlərlə insultun ilkin əlamətlərini müəyyən etmək olar - VİDEO

Son illər bütün dünyada beyin damar xəstəliklərinin yüksək artımı müşahidə olunur. Onların arasında ən geniş yayılanı və ən ağır olanı insultlardır. Belə ki, dünyada hər il təqribən altı milyon insan insult keçirir. Bu da insultun həm çox böyük iqtisadi, həm də böyük bir səhiyyə probleminin olduğunun göstəricisidir. İnsult bir çox ölkələrdə əhalinin ümumi ölüm hallarının göstəricisində 2-3-cü yeri tutur və çox vaxt əlilliklə nəticələnir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının nevrologiya şöbəsinin müdiri Aygün Musayeva bildirib.

Həkim qeyd edib ki, bu xəstəliyə daha çox 65 yaşdan yuxarı insanlarda rast gəlinir. İnsult keçirmiş insanların 30 faizində əmək qabiliyyəti qismən bərpa olur, 20 faizi kənar şəxslərin köməyinə möhtac qalır və yalnız 20 faiz insan əvvəlki yaşam tərzini davam etdirə bilir. İnsultlar arasında ən çox rast gəlinəni işemik insultlardır. Onların sayı təxmini olaraq hemorraqik insultlarla müqayisədə dörd dəfə çoxdur.

İnsultu işemik və ya hemorragik növlərə aid etmək üçün ilk növbədə onların yaranma mexanizminə baxmaq lazımdır.

İşemik insult ateroskleroz, hipertoniya və s. kimi xəstəliklər nəticəsində yaranır. İnsultun bu növünün risk qrupuna hipertoniya xəstəliyi, şəkərli diabet, ürək xəstəlikləri, aritmiya, piylənmədən əziyyət çəkən, qanda xolesterini yüksək olan, oturaq həyat tərzi sürən və alkoqola meyilli insanlar daxildir.

İşemik insultun tipləri sırasında ilk olaraq atertrombotik-işemik insultu qeyd etmək lazımdır. İnsultun bu növü yüksək qan laxtalanması və damar divarlarının daralması nəticəsində yaranır. Damarlarda tromb əmələ gəlir və o, damar mənfəzini tutur. Bu daha çox yaşlı insanlar üçün xarakterikdir. Tromb, həmçinin ürək mənşəli ola bilər və buna aritmiyadan əziyyət çəkən insanlarda rast gəlinir. Bu kardioembolik insult adlanır. Hipertoniya xəstəliyinin işemik insultun yaranmasında xüsusi rol oynadığını qeyd etmək vacibdir. Bu gün işemik insultun başlandığından birinci 6 saat ərzində müalicəsinin əsasını trombolitik terapiya təşkil edir.

Hemorragik insultlar isə damarların partlaması nəticəsində yaranır. Bu damarın anadangəlmə anormal olması, yəni damar divarlarının nazikliyi, genəlməsi, kisə və ya başqa şəkildə olmasıdır ki, belə damarlar partlayıb müvafiq nahiyədə beyin toxumasının qanla təchizatını pozur.

İnsultlu xəstələrdə ətraflarda hərəkət və ya hissiyyatın, nitqin, yaddaşın, huşun pozulması, qıcolmalar, ürəkbulanma, qusma kimi əlamətlər müşahidə edilə bilir. Əgər qəfil ürəkbulanma, qusma, kəskin baş ağrıları, qısa müddətdə huşun itməsi, bəzi hallarda isə xəstə başına qaynar suyun axdığını hiss edirsə, dərhal həkimə müraciət etmək, “Təcili yardım” çağırmaq lazımdır. Xəstənin hospitalizəedilmə tezliyindən asılı olaraq nəticələr müxtəlif olur.

İlkin yardım olaraq xəstənin qan təzyiqi, nəbzi ölçülməli, tənəffüsünə diqqət yetirilməlidir. Qan təzyiqinin və şəkərin yüksəlməsi müşahidə edilərsə, gündəlik qəbul olunan dərmanlardan istifadə etmək olar.

Hər iki növ insultdan sonra xəstədə tam sağalma, qismən sağalma və ya müəyyən əlillik yarana bilər. Bütün bunların qarşısının alınması üçün vaxtında həkim müayinəsindən keçmək məsləhət görülür.

İnsultun əlamətlərini hər bir insanın bilməsi, vaxtında yardım göstərilməsinə imkan verə bilər. İnsult hər birimizin ailəsində, yaxınlarında baş verə bilər. Ev şəraitində çox sadə testlərlə insultun ilkin əlamətlərini müəyyən etmək olar. Misal üçün insanın üzünə diqqətlə baxdıqda assimetriya, yəni əyilmələr, xəstənin əllərini qaldırmasını xahiş etdikdə ətrafların biri və ya hər ikisində hərəkət pozğunluğu və ya passivlik, xəstəni dindirərək onun nitqində hansısa pozuntu, ümumiyyətlə nitqin itirilməsi, deyilən sözlərin anlaşılmaması müşahidə olunarsa, bu insult haqqında düşünməyə əsas verir. Belə hallar baş verərsə, ən qısa zamanda “Təcili yardım” çağırmaq lazımdır.

Bununla yanaşı ev şəraitində ilkin yardım olaraq xəstəni rahat vəziyyətdə uzatmaq, boğazını sıxan paltar varsa onu dərhal sərbəst vəziyyətə gətirmək, tənəffüs yollarının açıq olduğuna əmin olmaq, otaqda təmiz havanı təmin etmək, mümkün qədər xəstənin təzyiqini ölçmək və əgər yüksək təzyiqi olarsa, bunun əleyhinə dərmanlar vermək lazımdır.

Problemin aktuallığı belə xəstələrin ailə üzvlərinin bu işə böyük məsuliyyətlə yanaşmalarını tələb edir.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.