az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
09.03.2017
Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Ümumdünya Böyrək günü qeyd edildi - FOTOLAR

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında XII Ümumdünya Böyrək Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Konfransa Bakıda və regionlarda yerləşən dializ mərkəzlərinin şöbə müdirləri, nefroloqlar və nefroloji mərkəzlərin həkimləri qatılıblar.

Konfransı giriş sözü ilə açan klinikanın direktoru professor Hüseyn Qabulov iştirakçıları salamlayaraq, onlara konfransın işində uğurlar arzulayıb.

O bildirib ki, hər il bütün dünyada olduğu kimi ATU-nun Tədris Terapevtik Klinikasında Dünya Böyrək günü qeyd olunur və bu konfransın davamlı keçirilməsi çox təqdirəlayiq bir haldır.

“Hər il keçirilən bu konfransın əsas məqsədi böyrək patalogiyasının yayılmasının qarşısını almaq və profilaktik tədbirlərin görülməsindən ibarətdir. Statistik məlumatlarda da qeyd edildiyi kimi, dünya əhalisinin 10-12%-də böyrək xəstəliyi var və bu xəstəlikdə risk faktorları mövcuddur. Bu, böyrək xəstəliyinin çox aktual olmasının göstəricisidir. Respublikamızda da sözügedən sahəyə ölkə rəhbərliyi və Səhiyyə Nazirliyi tərəfindən xüsusi diqqət yetirilir. 2016-cı ilin yanvar ayında Nazirlər Kabineti tərəfindən xüsusi tədbirlər planı hazırlandı, hal-hazırda da icra edilir. Hazırda Azərbaycanda 3000-dən artıq xəstənin yararlandığı 38 hemodializ mərkəzi fəaliyyət göstərir. Onu da qeyd edim ki, il ərzində dövlətimiz bu sahəyə kifayət qədər vəsait ayırır”.

Direktor konfransın keçirilməsindəki təşəbbüslərinə və əziyyətinə görə Baş nefroloq, professor Mehman Ağayevə təşəkkür edib. Onun bu sahədəki zəhmətini yüksək qiymətləndirib.

Daha sonra Səhiyyə Nazirliyinin Baş Nefroloqu, ATU-nun TTK-nın Efferent Terapiya Mərkəzinin müdiri, Terapevtik və Pediatrik Propedevtika kafedrasının professoru Mehman Ağayev çıxış edib.
O, ilk öncə Universitet rəhbərliyinə və klinikanın direktoruna bu şəraiti yaratdıqlarına görə təşəkkürünü bildirib.

Professor dünyada böyrək xəstəliyi olan insanların sayının artmaqda olduğuna diqqət çəkib.

“Bu göstərici hazırda 10-12% təşkil edir. Xroniki böyrək xəstəliyi olan insanların əksəriyyəti artıq çəki səbəbindən əziyyət çəkirlər. Ümumdünya Böyrək Gününün keçirilməsində də əsas məqsəd böyrək xəstəliyi olan insanları maarifəndirməkdən ibarətdir. Bu xəstəliklərə arterial hipertenziya, şəkərli diabet və s. aiddir. 
Bilirsiniz ki, piylənmə böyrəyin əsas risk faktorlarından biridir. Bu gün 6 yüz milyon insan artıq çəkidən əziyyət çəkir. Sevindirici hal kimi onu deyə bilərəm ki, indiki dövrdə müəyyən qədər piylənmənin qarşısını almaq olur. Buna həyat şəratinin yaxşılaşdırılması, sağlam qidalanma və s. kimi qaydalara əməl etməklə nail olmaq olar ”.

Daha sonra akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev “Azərbaycanda böyrək əvəzedici terapiyanın 2016-cı il registri” mövzusu ilə çıxış edib.

O, qeyd edib ki, Nazirlər Kabinetinin 2016-2020-ci illər üçün “Xroniki Böyrək Çatışmazlığı” Dövlət Proqramı qəbul olundu və dövlətimiz tərəfindən bu məsələlərə xüsusi diqqət, qayğı göstərilir.

“Bunun nəticəsində hazırda Azərbaycanda 38 hemodializ mərkəzi fəaliyyət göstərir. Halbuki 2006-cı ildə ölkəmizdə cəmi 7 hemodializ mərkəzi var idi. Azərbaycanda dializ xəstələrinin yaş göstəricisi 9-78 arasında tərəddüd edir və hal-hazırda 38 hemodializ mərkəzində 590 hemodializ aparatı 3111 xəstəyə xidmət edir.

Bunlardan 1273 nəfər Bakı şəhərində, 1838 nəfər regionlarda tam dövlət hesablı hemodializlə təmin olunublar. Nazirlər Kabinetinin qəbul etdiyi proqrama əsasən 2016-cı ildə Ağsu, Göygöl, Biləsuvar və Qusar rayonlarında hemodializ şöbələri istifadəyə verildi. Bu zaman insanların sıxlığı, təminatın lazımi səviyyədə olmaması və digər amillər nəzərə alınaraq nazirlik tərəfindən belə bir addım atıldı. Azərbaycanda fəaliyyət göstərən 38 hemodializ mərkəzinin 8-i Bakıda, 30-u isə regionlarda fəaliyyət göstərir”.

Konfransda eyni zamanda “Nefrotik sindromun ağırlaşmaları”, “Akademik M. Cavadzadə adına RKUX-da böyrəkköçürmə əməliyyatı təcrübəsi”, “Punksion böyrək biopsiyasının patomorfoloji və ultrastruktur nəticələri”, Uşaqlarda ANCA assisoyalı vaskulitlər”, “BXX olan xəstələrdə C virusu Hepatitinin müasir müalicəsi”, Hemodializ zamanı aşağı molekullu heparinin istifadəsi təcrübəsi”, “Böyrəklərin zədələnməsi ilə gedən sistem vaskulitlərinin müalicəsində plazmaferizin tətbiqi” mövzularında elmi məruzələr dinlənilib.

Konfransın sonunda qarşıda duran vəzifələr və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb. Bildirib ki, bu işlərin həyata keçirilməsi gələcəkdə nefrologiyanın respublikamızda daha da inkişaf etməsinə təkan verəcəkdir.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.