az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
05.10.2017
BUD-ÇANAQ OYNAĞININ ÇIXIQ VƏ DİSPLAZİYASI - MÜALİCƏ OLUNMADIĞI HALDA TAM ƏLİLLİYƏ SƏBƏB OLA BİLƏR

Uşaq doğularkən onu ilk ana təbəssümü, ilk oyuncaqlar və həyatında ilk tibbi müayinələr qarşılayır. Bəzi hallarda həkim-pediatr yeni doğulmuş uşağın ayaqlarını müayinə etdikdə, büküşlərin assimetriyası, birinin digərinə görə bir qədər qısa olması, budların yanlara doğru kifayət qədər açılmaması, pəncənin bayıra tərəf meyllənməsi diqqətini çəkir. Bunlar bud –çanaq oynağının displaziyası və ya çıxıqların əlamətləri ola bilər.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının USM həkimi Mətanət Pənahova deyir ki, bu, sümük-əzələ sistemi xəstəliyidir: “Bud-çanaq oynağı çıxıqları oynağı əmələ gətirən bud başı və qalça yuvası arasındakı normal əlaqənin pozulması və oynağın inkişaf etməməsi şəklində özünü göstərən sümük-əzələ sistemi xəstəliyidir. Yəni, bud sümüyü başının inkişafı zəifləmiş olur və nəticədə o, düzgün yerləşmir. Müvafiq olaraq da əzələlərin uzanması, böyüməsi və inkişafı geri qalır. Gələcəkdə vaxtında aşkar edilib, müalicə olunmadıqda anadangəlmə çıxığı olan uşaqlar adətən gec gəzməyə başlayırlar və ya gəzməyə başladıqda onların yerişində pozğunluq yaranır. Bu isə öz növbəsində onurğanın fizioloji əyriliklərinin düzgün inkişaf etməməsinə səbəb olur və nəticədə skolioz meydana çıxır”.

Anadangəlmə bud-çanaq oynağının çıxıq və displaziyasının səbəblərinin axıra qədər məlum olmadığını qeyd edən, M. Pənahova bunun səbəbini doğuşun düzgün aparılmaması ilə əlaqələndirirlər: “Lakin burada genetik, hamiləlik zamanı qadında hormonal dəyişikliklər, doğuşda sağrı gəlişi, dölün böyük çəkisi, ananın ginekoloji xəstəlikləri (uşaqlıq mioması) və s.rol oynaya bilər”.

M.Pənahova onu da vurğulayıb ki, statiskaya görə bu xəstəliyə daha çox qız uşaqları arasında rast gəlinir: “Azərbaycanın cənub bölgəsində oğlanlara nisbətən qızlarda 6 dəfə daha çox rast gəlinir. Əgər müayinə zamanı uşaqda hər hansı bir patologiya aşkar olunarsa, bu zaman pediatr uşağı diaqnozun təsdiqlənməsi üçün rentgen və USM müayinəsinə göndərməlidir. Risk qrupuna daxil olan uşaqlar isə mütləq ortopedin konsultasiyası məsləhət görülür”.

Valideynlərin bu zaman daha diqqətli olmalarını tövsiyə edən, həkim onlara uşaqlarının 3 həftəlik dövrdən 6 aylığa qədər olan müddətdə ultrasəs müayinəsi ilə bud-çanaq çıxıqlarını müəyyənləşdirmələrinin mümkün olduğunu bildirib: “Altı aydan sonra sümük formalaşdığından bu müayinə metodu ilə diaqnoz qoymaq çətinləşir, digər müayinə metodlarına müraciət edilir. Bu müayinədə əsas şərt yeməkdən təxminən 40 dəqiqə sonra həyata keçirilməsidir. Bir yaşdan sonra sümükləşmə getdikdən sonra, bud-çanaq oynağında yalnız rentgenoloji müayinə üsulundan istifadə etmək olur. Yadda saxlamaq lazımdır ki, vaxtında aşkar edilib müalicə olunmadığı hallarda, çıxıq gələcəkdə tam əlilliyə səbəb ola bilər”.

 

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.