az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
17.11.2017
VALİDEYNLƏR DİQQƏT - UŞAQLARDA İŞTAHIN ZƏİFLƏMƏSİ BU XƏSTƏLİKLƏRƏ SƏBƏB OLA BİLƏR

Son zamanlar əksər anaların əsas şikayəti uşaqların (xüsusilə körpə və kiçik yaşlıların) iştahsız olması və ya qeyri-düzgün qidalanmasıdır. Müasir dövrdə uşağın ananın hesab etdiyi kimi yaxşı qidalanmaması bütün ailənin gərginliyinə, ailədaxili stress və konfliktlərinə (uşaqlarla valideynlər arasında) səbəb olur.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatrı Ulviyyə Hacıyeva bu problemlə qarşılaşan ailələrin pediatra müraciət etmələrinin zəruri olduğunu deyir.

“Bu problemi ailə pediatrın köməyi ilə həll etsə, daha yaxşı olar. Belə ki, bir sıra analar övladının az və ya düzgün qidalanmamasından narahat olub, övladını məcbur yəni, “başını qataraq” yedizdirir, bir qismi hətta cəzalandırır, körpələri uydurulmuş qorxunc “qəhrəmanlarla” qorxudur. Bu isə problemi daha da dərinləşdirir. Belə ki, uşaqda qidaya qarşı ikrah hissi yaradır və gələcəkdə nevrogen anoreksiyanın inkişafına səbəb olur. Həkim pediatrlar isə ananın dediyi şikayətin – uşağın kəmiyyət və keyfiyyətcə düzgün qidalanmamasının həqiqətə uyğun (real) olub-olmamasını aydınlaşdırmalı və problem olduğu təqdirdə onun səbəbini ayırd etməlidir”.

İlk növbədə bu uşaqların fiziki inkişafının qiymətləndirilməli olduğunu bildirən pediatr, bunun dinamikada da işlənməli olduğunu vurğulayıb:

“Uşağın iştahsızlığı fonunda - fiziki inkişafında (çəki, boy) yaşına uyğun göstəricilərdən geri qalıb-qalmaması, digər əlamətlərin (başda, qarında ağrı, hərarət və s.) onlarda olub-olmaması müəyyən müayinələr zamanı ortaya çıxır.

Fiziki inkişafı, əhval-ruhiyyəsi normal olan və başqa şikayətləri olmayan uşaqların ananın özünün istədiyi qədər (çox miqdarda) təqdim etdiyi və xeyirli hesab etdiyi (uşağın sevmədiyi) qidanı qəbul etməməsi problem hesab edilmir. Hər bir sağlam uşaq həyatının müəyyən dövründə (məsələn, körpələr dişçıxarma dövründə) az yeyir".

Uşaqlarda iştahın zəifləməsi zamanı ortaya çıxan xəstəliklərdən də danışan U.Hacıyeva bu zaman valideynlərin diqqətli olmalarını tövsiyə edib.

“Bunlara kəskin infeksion xəstəliklər, mədə bağırsaq sistemi xəstəlikləri (qastrit, duodenit, öd yollarının diskeneziyası), qastroezofaqal refluks, qəbizlik, qaraciyər xəstəlikləri və s.), metabolik/endokrin (Zn, Fe, B12 çatışmazlığı, hipotireodizm, şəkərli diabet, Adisson xəstəliyi) pozulmalar, sinir-psixi pozulma (nevrogen, anoreksiya, depressiya, stress), birləşdirici toxumanın sistem xəstəlikləri və s. xəstəliklər aid edilir”.

Sağlam uşaqlarda iştahsızlığın əsas səbəbləri - əsas yeməklərarası dövrdə süd, meyvə şirələri kimi içkiləri, şirniyyat, peçenye və s. kimi qidalar qəbul etməsi, az hərəkətli olmasıdır”.

“Bəs sağlam uşağın iştahının yaxşılaşması üçün valideynlər nə etməlidir” sualına isə pediatr bele cavab verib:

“Hər bir valideyn qidalanma vaxtını uşağa uyğun seçməli, ona müxtəlif qidalar təqdim etməli, seçim hüququ verməli, istəmədiyi yeməyi süfrə başında müzakirə etməməlidir. Uşağın qida rasionuna əsasən xoşladığı yeməyi daxil etsə və onun istədiyi miqdarda (az-az, tez-tez) versə, bu, daha yaxşı olar. Böyük yaşlı uşaqlarda süfrənin hazırlanması onların yeməyə olan sevgisini artırmış olar. Uşağı xoşlamadığı qidanı yeməyə məcbur etmək, yemədiyi üçün danlamaq olmaz. Kifayət qədər təmiz havada olmaq, fiziki fəal həyat tərzi (idman) uşaqlarda iştahı artırır”.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.