az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
01.02.2018
TEZ-TEZ XƏSTƏLƏNƏN UŞAQLARDA BU XƏSTƏLİKLƏR MÜŞAHİDƏ EDİLİR...

Tibbin infeksion xəstəliklərin müalicə və profilaktikası sahəsində əldə etdiyi nailiyyətlərə baxmayaraq, adaptasiya səviyyəsinin gərginliyi və zəifliyi olan uşaqların sayı durmadan artır. Bu uşaqlar əsasən tənəffüs sistemi xəstəlikləri ilə tez-tez xəstələnirlər.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının pediatrı, dosent Məleykə Kərimova deyir ki, respirator xəstəliklərlə təkrar xəstələnmə bir çox sistemlərin fəaliyyətinin pozulmasına, fon xəstəliklərinin inkişafına, fiziki və sinir-psixi inkişafın ləngiməsinə, sosial adaptasiyanın pozulmasına səbəb olur. Belə uşaqlar “Tez-tez xəstələnən uşaqlar” (TXU) adlanır.

Pediatr bildirib ki, bu uşaqlar yaşıdları ilə müqayisədə kəskin respirator infeksiyalara tutulmanın daha yüksək səviyyəsi ilə səciyyələnən uşaqlar qrupudur.

“Bu termin ilk dəfə 1980-ci ildə tibbi ədəbiyyatda işlənməyə başlanıb. “TXU” diaqnoz deyil, nozoloji vahid sayılmır, bu uşaqlar dispanser qrupunu təşkil edirlər. Müxtəlif tədqiqatçıların verdikləri məlumatlara əasasən, TXU-nun payına uşaq yaşlarında xəstələnmə hallarının 15-75%-ə qədəri düşür, bunların da 50-75%-i erkən və məktəbəqədər yaşda təsadüf edir. Bu uşaqlar “risk” qrupunu təşkil etməklə, nəinki yalnız tibbi, həm də sosial-iqtisadi problem kimi diqqəti cəlb edirlər.
TXU-da burun-udlaq və bronx-ağciyər xəstəliklərinin uzun sürməsi, xronikləşməsi, fəsadlaşması, bronxial astma və allergik rinit kimi xəstəliklərin daha tez-tez təsadüf etməsi və ağır gedişli olması, revmatik qızdırma, qlomerulonefrit və digər xəstəliklərin yüksək tezliyi müşahidə edilir”.

Tez-tez xəstələnən uşaqların yeniyetmə yaşlarında mədə-bağırsaq traktının xronik xəstəliklərinə, damar distoniyalarına meylli olduqlarını deyən pediatr, onlarda nevrotik reaksiyaların asanlıqla yarandığını və belə uşaqların tez yorulduğunu, çox zaman məktəbdə pis oxuduğunu qeyd edib. 
“TXU-da əsas adaptasion mexanizmlər qırıldığından, onlarda xronik patologiya erkən yaranır. Bu uşaqlarda 30% hallarda gələcəkdə xronik xəstəliklər əmələ gəlir. Bu xəstəlik qrupuna irsi-genetik xəstəliklər, birincili immundefisit vəziyyəti, endokrin xəstəliklər, kobud üzvü qüsurlar, mübadilə pozğunluqları olan uşaqlar daxil deyillər”.

Pediatr “TXU”nun formalaşmasına təsir edən amillər haqqında da danışıb:
“Buna tibbi-bioloji (ananın hamiləlik dövründə sağlamlıq vəziyyəti, doğuşun gedişi, kəskin respirator və LOR-orqanları xəstəliklərinə ailəvi meyllik, uşağın nevroloji statusu, qeyri-rasional qidalanma və s.) və sosial-məişət amilləri (uşağın mənzil-məişət şəraiti, ananın iş şəraiti, məişət allergiyasının olması, nəqliyyat amili, ekoloji amil və s.) səbəb ola bilər.

Son tədqiqatlar sübut edib ki, erkən yaşlı uşaqlarda kəskin respirator infeksiyalara (qrip, paraqrip, adenovirus, rinovirus və s.) tutulmanın yüksək olmasına həyatın birinci ilində müşahidə edilən bəzi patoloji hallar, o cümlədən anemiya, distrofiya, raxit, diatezlər, mədə-bağırsaq pozğunluqları, süni və qarışıq qidalanma, böyük yaşlarda isə yuxarı tənəffüs yollarının və ağız boşluğunun xronik infeksiya ocaqları zəmin yaradır. Bunu TXU-nun 42-58%-də LOR-orqanı xəstəliklərinin aşkar edilməsi bir daha sübut edir”.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.