az | ru | en
Tibbi Xidmətlər
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
01.07.2021
Professor Sahib Musayev: “Revmatik xəstəliklər zamanı əksər orqan və toxumalar zədələnir”

“Duzlu göl”dən istifadə xərçəng xəstəliyinə səbəb ola bilər

Revmatik xəstəliklərin əhali arasında adətən soyuq aylarda geniş yayıldığını bilirik. Amma havalar istiləşəndən sonra da Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Revmatologiya və qastroenterologiya şöbəsinə müraciət edənlərin sayı çoxalıb. Bunun səbəblərinə aydınlıq gətirmək üçün adıçəkilən şöbəyə rəhbərlik edən professor Sahib Musayevə müraciət etdik.

Professor revmatik xəstəliklərlə bağlı geniş məlumat verərək, bu sahənin təbabətin ən çətin və hələ də öyrənilməyən problemlərindən biri olduğunu qeyd edib: “Revmatik xəstəliklər təbabətin ən yeni sahəsi hesab olunur. Birləşik toxuma qarışıq xəstəlikləri, sistem qırmızı qurd eşənəyi, artiozlaşdırıcı spondilit, biosratik artropatiya, reaktiv artritlər və bu kimi çoxsaylı revmatik xəstəliklər günümüzdə həllini tapmayan xəstəliklər sırasındadır. Revmatik xəstəliklər zamanı əksər orqan və toxumalar, o cümlədən oynaqlar, dəri, sinir, böyrəklər, ağciyər, ürək, bağırsaq, baş-beyin zədələnir”.

S.Musayev təkcə payız-qış aylarında deyil, eyni zamanda yay mövsümündə də əhali arasında bir sıra revmatik xəstəliklərin baş qaldırdığını, onlardan revmatoid artrit, sistem qırmızı qurd eşənəyi, sklerodermiya, dermotomiozit və podaqranın üstünlük təşkil etdiyini bildirib: “Sistem qırmızı qurd eşənəyi xəstəliyi ən çox iqlim dəyişiklikləri zamanı üzə çıxır. Bu xəstəlik yay aylarında fotosensiblizasiya, yəni həddindən artıq Günəş şüalanması olan regionlarda çox yayılır. Qırmızı qurd eşənəyi ən çox yeniyetmə qızlarda, gənc analarda müşahidə olunur”.

Şöbə müdiri regionda daha çox yayılan revmatik xəstəliklərdən birinin podaqra olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu xəstəlik zamanı oynaq daxilində natrium-urat kristallarının toplanması nəticəsində həmin nahiyədə kəskin iltihabi proses başlayır və müəyyən vaxtdan sonra oynaqlar zədələnir.

Professor podaqranın səbəb olduğu bəzi fəsadlara toxunaraq, onun xroniki böyrək xəstəliklərinə, hipertoniyaya, 2-ci tip şəkərli diabetə, piylənməyə gətirib çıxardığını da qeyd edib: “Podaqraya tərkibi purillə zəngin qidaları normadan artıq qəbul edən şəxslərdə çox rast gəlinir. Xəstəlik qəfil başlayır. Ayağın baş barmağı qızarır. Həmin nahiyədə ciddi hərəkət məhdudluğu əmələ gəlir”.
Onu da öyrəndik ki, əgər revmatik xəstələr COVID-19-a yoluxarsa, onlarda ağırlaşma halları müşahidə olunur. Həmin şəxslərdə patoloji proseslər daha ağır gedir, onlar arasında ölüm faizi daha çox olur. COVID-ə yoluxmuş skelbermiyalı xəstələrdə ağciyərlər ciddi zədələnməyə məruz qaldığından, xəstəliyin taktikası protokola tam uyğun aparılmalıdır.

Bəzən şahidi oluruq ki, revmatik xəstəliklərdən əziyyət çəkənlər Bakı ətrafında yerləşən və çoxlarımızın yanlış olaraq müalicə məkanı kimi qəbul etdiyimiz “duzlu göl”lərə üz tuturlar. Bununla bağlı sualımıza cavab verən professor Sahib Musayev həkim məsləhəti olmadan insanların müstəqil şəkildə göldə Günəş vannası qəbul etməsinin xeyirdən çox zərərli ola biləcəyini qeyd edib: “Həmin insanlar duzun tərkibində olan kanserogen maddə ilə özlərini zəhərlədiklərinin fərqində deyillər. “Duzlu göl”dən istifadə edən revmatoidli xəstələrdə dərinin aşınması qeydə alınır. Hətta bəzilərində dəri xərçəngi yaranır”.

İsti yay aylarına qədəm qoymuşuq. Hamı sərinləmək üçün Xəzərə üz tutur, eyni zamanda dəniz havası udmaq istəyir. Amma professor məsləhət görür ki, revmatik artritli xəstələr əvvəlcə mütləq həkim konsultasiyasından keçsinlər. Bu, həmin xəstələri sabah ağır nəticələrlə üzləşməkdən qoruya bilər.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.