az | ru | en
Tibbi Xidmətlər
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
22.06.2022
Həkim-rezidentlərin nəzəri biliklərini artırmaq məqsədi ilə növbəti ənənəvi seminar keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev, professor Rafiq Məmmədhəsənov, müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva, klinikanın həkimləri və rezidentlərin iştirakı ilə “Tiroid və hamiləlik” və "Tiroid düyünləri, düyünlərə yanaşma və həkimin taktikası" mövzusunda seminar keçirilib.

İlk öncə çıxış edən klinikanın endokrinologiya şöbəsinin həkim-rezidenti Fərizə Zahirova "Tiroid və hamiləlik" mövzusunda ətraflı məlumat verib.

Həkim qeyd edib ki, hamiləlik zamanı qalxanvari vəzin funksiyası ilə bağlı fizioloji dəyişikliklər baş verir. Bu dəyişiklikləri bilməsək onları patologiya hesab edib xəstəni gərəksiz müayinə və müalicələrə məruz qoymuş olarıq.

Onun sözlərinə görə, döl 10-12 həftəyə qədər tiroid hormonları ifraz edə bilmədiyinə görə o, inkişafı üçün anadan gələn hormonlara möhtacdır: "Ona görə də hamiləlikdə tiroid hormonu ehtiyacı artır. Saglam tiroid vəz bu ehtiyacı ödəyə bilir. Ödəyə bilmədikdə hipotiroidizm dölə mənfi təsir edir. Nəticədə spontan düşük, erkən doğum, plasenta ayrılması, aşağı doğum çəkisi, kretinizm kimi ciddi problemlər ortaya çıxa bilər".

F. Zahirova bildirib ki, hormonların əksikliyi kimi, artıqlığı da ana və dölə mənfi təsir edir. Həmçinin hormonlar qaydada olsa belə qanda bəzi anticisimlərin varlığı da risk təşkil edir. Buna görə də hamiləlik planlayanlar qalxanvari vəzi müayinəsindən keçməli, ehtiyac olarsa hamiləlik boyunca təqib edilməlidirlər.

Daha sonra klinikanın endokrinologiya şöbəsinin həkim-rezidenti Şirvan Zəkəriyəyev "Tiroid düyünləri, düyünlərə yanaşma və həkimin taktikası" mövzusunda çıxış edib.

Ş. Zəkəriyəyev qeyd edib ki, hazırda ölkəmizdə də aktual olan qalxanvari vəz düyünlərinin yalnız 5 faizi bədxassəli gedişə malikdir. Düyünlərin 95 faizi isə xoşxassəli düyünlərdir və yalnız çox kiçik bir hissəsinin əməliyyat və yaxud müalicəyə ehtiyacı var.

Həkim bildirib ki, dünyada, eləcə də ölkəmizdə düyünlərin əsas səbəbi yod defisitidir. Xəstələri düzgün müalicə etmək üçün ardıcıllıqla dəyərləndirmək və müvafiq müalicə taktikası seçmək önəmlidir. Bunun üçün beynəlxalq protokollara istinadən və TİRADS dəyərləndirməsi ilə lüzumsuz biopsiyalardan və cərrahi müdaxilələrdən qaçınmaq mümkündür.

Geniş müzakirə şəraitində keçən seminarda rezidentlər qarşılaşdıqları situasiyalarla bağlı öz rəylərini və fikirlərini bölüşüb, onları maraqlandıran suallara aydınlıq gətirilib.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.